Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının hissələrini özəl investorlara satmaq planı ilə bağlı xəbərlərə kəskin reaksiya verib və rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, UEFA-nın bəyanatında bu addımın futbolun idarəçilik prinsiplərinə tamamilə zidd olduğu vurğulanıb:
"Bu, futbolun idarəedici qurumlarının heç vaxt keçməməli olduğu qırmızı xəttin aşıldığını göstərir. UEFA bu məsələyə son dərəcə ciddi yanaşır. Hər bir Milli Futbol Assosiasiyası da buna eyni dərəcədə ciddi yanaşmalıdır. Bütün maraqlı tərəflər — liqalar, klublar, futbolçular, azarkeşlər, hökumətlər və futbolun gələcəyinə biganə olmayan hər kəs bu təhlükəni dərk etməlidir.
Futbolun ruhu və idarəçiliyi, xüsusən də maliyyə baxımından kimin mənfəət götürəcəyi ilə bağlı şəffaflığın olmadığı bir şəraitdə, ticarət obyekti ola bilməz. Heç birimiz futbolun sahibi deyilik. Futbol FİFA-nın satlıq əmlakı deyil."
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni qurum yaradaraq onun azlıq təşkil edən paylarını özəl investorlara və ABŞ-dakı sponsorlara satmağı planlaşdırdığı barədə xəbərlər Avropa futbol aləmində böyük etiraza səbəb olub.


