"Azərbaycan Minifutbol Federasiysı olaraq, ilk dəfədir Azərbaycanda belə böyük tədbir keçiririk.  Ölkəmizdə beynəxalq idman yarışları həmişə uğurla keçirilir. Biz də bu nümunəni nəzərə alaraq ölkəmizə yaraşan şəkildə dünya çempionatı keçirmək niyyətindəyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov 21 may - 1 iyun aralığında Bakıda gerçəkləşəcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.

AMF rəsmisi açılış mərasiminin maraqlı keçəcəyini bildirib: "Yığmamız 2022-ci ildə Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. Birləşmiş Ərəb Əmiriklərində görüşlərimiz oldu, orda minifutbol üzrə dünya çempionatını keçirmək üçün təşəbbüs irəli sürdük. Danışıqlara başladıq, lazımi addımları atdıq. Beynəlxalq Minifutbol Federasiyasının rəsmilərini Bakıya dəvət etdik, arenaları gəzdirdik. Beləliklə, Bakıda dünya çempionatı keçirilməsi barədə qərar verildi. Təşkilati məsələlərdə çətinliklər olsa da, biz yüksək peşəkarlıqla bunun öhdəsindən gəlməyə çalışacağıq. Hər bir beynəxalq yarışın güzgüsü onun açılışdır. Azarkeşləri maraqlı açılış mərasimi gözləyir".

O, Azərbaycan yığmasının medal qazanacağına ümidvar olduğunu söyləyib: "Milli komandaya hər bir şəraiti yaratmışıq. Qidalanma, təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirak üçün şərait qurmuşuq. Ev sahibi olmaq yığmamıza əlavə məsuliyyət verir. Çünki çempionat xaricdə keçirilsəydi, bu qədər azarkeş olmazdı. Milli komandamızın üzvləri uzun müddətdir birlikdədirlər. İstərdik ki, ev sahibi olaraq dünya çempionatının kuboku bizdə qalsın. Ən pis halda, ilk 3 yerdən birini tutmaq istəyirik".