Avropanın aparıcı klubları İtaliya millisinin və "Milan"ın sabiq müdafiəçisi Franko Barezinin vəfatı ilə bağlı başsağlığı ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, "İnter" Barezinin qardaşı Cüzeppe ilə birgə fotosunu paylaşaraq, "Franko Barazi – bir çox Milan derbisində rəqibimiz, bu böyük qarşıdurmanın əsas simalarından biri. "Milan"ın kapitanı, simvolu və əfsanəsi. O, "İnter"ə qarşı oyunlarda daim prinsipial mübarizəni rəqibə hörmətlə birləşdirirdi. "İnter"in prezidenti Cüzeppe Marotta və klub Barezinin ailəsinə, qardaşı Beppeyə və "Milan"a dərin hüznlə başsağlığı verir" açıqlamasını yayıb.

"Yuventus"un paylaşımında isə qeyd olunub: "Bəzi insanlar istedadı ilə tarixə düşür, bəziləri isə insanlığı ilə əbədi qalır. Franko Barazi hər iki xüsusiyyəti özündə birləşdirirdi. Onun zərifliyi, liderliyi və hörməti meydanda və meydandan kənarda nümunə olub. O, bir çox nəsil futbolçu və azarkeş üçün örnək idi. "Yuventus" Barezinin ailəsinə və "Milan"a dərin hüznlə başsağlığı verir".

"Real Madrid" və "Barselona" da Barezinin xatirəsini yad edib. "Real Madrid", prezidenti və İdarə Heyəti Franko Barazinin vəfatı ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirib: "O, "Milan"ın, İtaliya və dünya futbolunun ən böyük əfsanələrindən biri idi. Klubumuz Barazinin ailəsinə, yaxınlarına, sabiq komanda yoldaşlarına və "Milan"a başsağlığı verir".

"Barselona" isə belə açıqlama yayıb: "Franko Barezinin vəfatı ilə bağlı ən səmimi başsağlığımızı bildiririk. O, İtaliya futbolunun əfsanəsi və "Milan"ın əbədi kapitanı idi. Onun liderliyi, zərifliyi və dünya futboluna qoyduğu irs azarkeşlərin yaddaşında daim qalacaq. Dincəl, Franko".

Bundan başqa, "Napoli", "Roma" və "Latsio" klubları da Barezinin vəfatı ilə bağlı başsağlığı verib.