"Pis hazırlaşmamışıq. Səfərdə də qeyd eləmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Burdakı oyunda daha yaxşı olmaq, oyunumuzu yaxşılaşdırmaq istəyirik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Şelburn"a qarşı cavab matçından əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib. 53 yaşlı mütəxəssis komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşan ilk oyun barədə danışıb. O, komandanın transfer gündəminə toxunub:

"Ən çox vaxt itirdiyimiz məsələ hücum xətti idi. Həddindən artıq çox oyunçulara baxıb, analiz etdik. Bir çox oyunçu ilə danışıqlarımız oldu. Hətta bir neçəsi ilə razılığa gəlməyə yaxın olduq, ancaq sonda alınmadı. Yəqin daha yaxşı təklifləri oldu. Axtarışlarımız davam edir. İndi əlimdə olan oyunçularımdan razıyam. İllərdir bizimlərdirlər. Amma heyəti genişləndirmək üçün yenə də axtarışa davam edirik. Qrupa düşəndə daha rahat rotasiya edə bilməliyik".

O, Mateus Silvanın performansını dəyərləndirib:

"Mateus universal futbolçudur. Universal futbolçular mənim daha çox xoşuma gəlir. Oyunun gedişatına, rəqibə görə daha rahat dəyişiklik edə bilərik. Biz daha əvvəl bunu liqada yoxladıq, o da özünü doğruldu. Həm də gördük ki, o, o bölgədə özünü daha rahat hiss edir. Bu, o demək deyil ki, o, sabah sağ cinah müdafiəsində oynamayacaq. Qapı bölgəsinə gəldikdə isə, imkanımız olan qədər rotasiya etməyə çalışırıq ki, qapıçılarımız formada qalsın. Həm də oyunçularımızın məşqdəki işgüzarlığını dəyərləndirməliyik". 

Qurban Qurbanov "Dinamo" azarkeşlərinin Sami Mmaenin "Qarabağ"a keçməsinə sevinmələrinə münasibət bildirib, Redon Cicanın gedişinə barədə danışıb:

"Ən azından biz kimlərisə sevindirmişiksə, bu da əlavə bir uğurdur. Mmaeyə gəldikdə isə, onun yaxşı cəhətləri var. Qabiliyyəti, bacarığı bizə uyğun gəlirsə, bu səbəbdən onu transfer etmişik. Yavaş-yavaş məşqlərə başlayıb. Başqa rəylərə, fikirlərə baxmağa vaxtımız yoxdur. Cicaya gəlincə, çox yaxşı hücumçu idi. Juninyonun gəlişi, Nərimanın inkişafı Cicaya daha az şans verməyimizə gətirib çıxardı. Çempionatımızda da limit olduğu üçün ona yetərincə şans verə bilmədik. Biz Cicanı gətirdiyimiz məbləğdən daha yüksəyinə göndərdik. Cica kimi oyunçunun az da oynasa, komandada olmağını istəyirəm. Amma onu da başa düşməliyik. Çox yaxşı insan, çox yaxşı idmançı idi".

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı 30 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.