"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçiriləcək cavab görüşü öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis bildirib ki, Bakıda qazanılan 1:0 hesablı qələbə komandasına kiçik üstünlük versə də, səfərdə onları çətin sınaq gözləyir.
"İlk matçdan sonra hesab fərqi minimaldır və hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı davam edir. Qələbə bizə müəyyən üstünlük qazandırır, amma Avropa kuboklarında səfər oyunlarının nə qədər çətin keçdiyini yaxşı bilirik", – deyə o vurğulayıb.
Dambrauskas əlavə edib ki, rəqibin yüksək motivasiya ilə meydana çıxacağını gözləyirlər və "Sabah" da buna layiqli cavab verməli, öz oyununu nümayiş etdirməlidir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması sabah Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək.


