"Arsenal"ın qapıçısı David Raya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Sportinq Lissabon"a qarşı keçirilən matçın (1:0) qəhrəmanı olub.

Offsideplus.az xəbər verir ki, bir neçə mühüm seyv edərək komandasını oyunda saxlayan ispaniyalı qapıçı Kai Havertz tərəfindən "dünyanın ən yaxşısı" adlandırılıb. Meydan sahiblərinin təzyiqinə baxmayaraq, qapısını toxunulmaz saxlayan Raya matçın ən yaxşısı seçilib.

"Arsenal"a qələbə qazandıran yeganə qolu isə uzatma dəqiqələrində Kai Havertz vurub. Bu nəticə ilə "topçular" aprelin 15-də Londonda keçiriləcək cavab oyunu öncəsi yarımfinal üçün böyük üstünlük əldə ediblər.

Qeyd edək ki, Rayanın yoxluğunda "Arsenal" həm Liqa Kubokunun finalında "Mançester Siti"yə, həm də İngiltərə Kubokunda "Sauthempton"a məğlub olmuşdu. Rayanı əvəzləyən Kepa Arrizabalaqanın səhvlərindən sonra əsas qapıçının qayıdışı komanda üçün həlledici rol oynayıb.