Azərbaycanın basketbol klubları avrokuboklarda növbəti oyunlarına çıxıblar. 

Offsideplus.az xəbər verir ki, FIBA Avropa Kubokunun H qrupunda mübarizə aparan "Neftçi" öz meydanında Latviyanın VEF kollektivini qəbul edib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 94:110 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "ağ-qaralar" I turda Yunanıstanın "Mikonos" klubuna da uduzmuşdu (58:78).

FIBA Çempionlar Liqasında çıxış edən "Sabah" isə A qrupunun II turu çərçivəsində Türkiyədə "Trabzonspor"un qonağı olub. Azərbaycan çempionu səfər matçından 83:100 hesablı məğlubiyyətlə ayrılıb.

I turda Litvanın "Rytas" klubuna yenilən (73:82) "Sabah" hazırda 2 xalla qrupda sonuncu - dördüncü pillədə qərarlaşıb. Qrupa 4 xalla "Trabzonspor" başçılıq edir. Fransa "Nanter 92"si və Litva "Rytas"ı isə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürürlər.