Qadınlardan ibarət Azərbaycan milli komandasına və bütün yaş qrupları üzrə qadın millilərinə yunanıstanlı mütəxəssis İoannis Diamantakos baş məşqçi və koordinator təyin olunub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Karyerası ərzində Livan, Fələstin, Rumıniya və Səudiyyə Ərəbistanının "Al-Ula" klubunu çalışdıran, müxtəlif titullara yiyələnən və psixologiya üzrə fəlsəfə doktoru olan Diamantakos yeni təyinatı barədə fikirlərini bölüşüb:

"Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Mənə göstərilən etimada görə rəhbərliyə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə milli komandalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır".