"İndiana Peysers"in yeni mərkəz oyunçusu İvitsa Zubats komandadakı ab-hava və ulduz basketbolçu Tayris Halibörtonla gözlənilən tandemi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı xorvatiyalı oyunçu komanda yoldaşı ilə meydanda tez bir zamanda dil tapacağına inandığını bildirib:

"Düşünmürəm ki, aramızda uyğunlaşma çox vaxt aparacaq. Mənim üçün ağıllı müdafiəçilərlə oynamaq heç vaxt çətin olmayıb. Həmçinin indiyə qədər belə yüksək komanda ruhu olan heyətdə yer almamışam. Burada qurulan səmimi ab-hava həqiqətən xüsusi və dəyərlidir".

NBA-də 684 matça çıxan təcrübəli basketbolçu yeni mövsümə tam sağlam başladığını və "İndiana Peysers"in sürətli oyun tempinə uyğunlaşdığını vurğulayıb.

Qeyd edək ki, "İndiana Peysers" mövsümöncəsi yoxlama oyunlarında "Minnesota Timbervulvs", "Atlanta Hoks", "Oklahoma Siti Tander" və "Miluoki Baks"la üz-üzə gələcək. Komanda müntəzəm mövsümə isə oktyabrın 21-də "Nyu-Orlean Pelikans"a qarşı səfər matçı ilə start verəcək.