3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ratomir Deliç qarşıdan gələn Dünya Kuboku barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşavada keçiriləcək mötəbər turnirin komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ratomir Deliç bu səviyyəli yarışda iştirak etməyin hər bir idmançı üçün uşaqlıq arzusu olduğunu bildirib:
“Dünya Kuboku kimi ən yüksək səviyyəli turnirdə iştirak etmək hər bir idmançı və məşqçi üçün uşaqlıqdan qurulan ən böyük arzudur. Dünyanın ən güclü komandalarına qarşı dünya çempionluğu uğrunda mübarizə aparmaq bizim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir. Komandamız meydanda olduğu hər 10 dəqiqə ərzində maksimum diqqətini, enerjisini və mübarizə əzmini ortaya qoymağa çalışacaq. Məqsədimiz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxmaq və ölkəmizi layiqincə təmsil edərək uğurlu nəticə qazanmaqdır”.
Baş məşqçi Varşavada dünyanın ən güclü seçmələrinin toplaşacağını, lakin heç bir rəqibdən çəkinmədiklərini də əlavə edib:
“Turnirdə dünyanın ən güclü 3x3 basketbolçuları və yüksək səviyyəli komandaları iştirak edəcək. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. İnanıram ki, hazırkı fokusumuzu və oyun intizamımızı qorusaq, istənilən komandaya qarşı rəqabət aparacaq gücə sahibik. Əsas məqsədimiz meydanda öz oyunumuzu göstərmək və potensialımızı maksimum səviyyədə ortaya qoymaqdır. Bunu bacarsaq, nəticədən asılı olmayaraq çıxışımızdan razı qala bilərik”.


