“İlk oyundakı məğlubiyyətdən sonra “Sabah” üçün itiriləcək nəsə qalmamışdı. Ona görə də, cavab qarşılaşmasında çəkinmədən, daha rahat oynamalı idi. İlk dəqiqələrdən məhz belə oldu".

Bu sözləri Offsideplus.az saytına Azərbaycan millli komandasının sabiq baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə "Sabah"ın "Çelye"yə qarşı oyununu dəyərləndirib: "Artıq matçın əvvəlində təmsilçimiz rəqibi öz meydanında sıxmağa başladı, onlarln güclü "silah"ı olan topa nəzarəti əllərindən almağa çalışdılar və buna da nail oldular. İlk qolu da “Sabah” vurdu. Buna baxmayaraq, komandanın əsas problemi topu ələ keçirəndən tez bir müddətdə onu itirilmək idi. Rəqib də bundan istifadə edirdi. İkinci hissədə "Çelye" 2:1 hesabı ilə önə keçərkən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın oyuna müdaxiləsini xüsusi qeyd etmək lazımdır. O, vaxtında lazımi dəyişikliyi edib hücumameylli oyunçuları meydançaya buraxmaqla üstünlüyü ələ keçirdi. Beləcə, “Sabah” ardıcıl 2 qol vuraraq üstünlüyü ələ keçirdi".

A.Əsədov bildirib ki, "bayquşlar" növbəti yarışlarda uğura çıxış edə bilərlər: "Əlavə hissələrdə hansı komandanın fiziki durumunun daha yaxşı olması önəmli rol oynayırdı. Deməzdim ki, “Sabah” fiziki baxımdan geri qalırdı. Ancaq haradasa görünürdü ki, komanda hələ tam hazır deyil. “Sabah” mərhələ keçə bilməsə də, çox yaxşı oyun nümayiş etdirdi. Görünən odur ki, komandanın potensialı var. Yeni gələn futbolçular da özlərini yaxşı tərəfdən göstərə bildilər. Düşünürəm ki, “Sabah” Avropa Liqasında mərhələ keçə bilməsə də, Konfrans Liqasında ölkəmizi layiqincə təmsil edə bilər".

Qeyd edək ki, ilk matçda evdə 2:3 hesabı ilə uduzan "Sabah" dünən cavab görüşünün əsas vaxtında eyni hesabla qalib gəlib. Yalnız əlavə vaxtda "Çelye" daha 1 dəfə fərqlənməklə Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.