Azərbaycan milli komandasının üzvü və "Zirə"nin kapitanı Qismət Alıyev "Kəpəz"ə qarşı Misli Premyer Liqasının III tur matçından (5:0) sonra Offsideplus.az-a müsahibə verib. 

28 yaşlı futbolçu ilə müsahibəni təqdim edirik:

- "Zirə" xallarının sayını 7-yə çatdıraraq lider oldu. "Kəpəz"ə qarşı oyunu necə dəyərləndirərdiniz? 

- Oyun olaraq bilirdik ki, "Kəpəz" 2 oyun idi ki, məğlub durumda idi. Onların bu oyunda qələbə qazanmağı komandanın geridönüşü ola bilərdi. Bizi çətin oyun gözlədiyini bilirdik. Vacib, önəmli qələbə qazandıq. Hesabın 5:0 bitməsinə baxmayaraq, oyunda "Kəpəz" üstümüzə pressinqlə gəlirdi. Sonda qələbə qazanaraq 3 xalı götürə bildik. 

- Cərimə zərbəsindən vurduğunuz qolla milli komandaya yollanırsınız...

- Bizdə cərimə zərbəsindən o formada qol vuran futbolçular var. Əvvəlki oyunda da eyni qolu Junior vurmuşdu. İkimiz topa yaxınlaşdıq, lakin dedi ki, sən vurarsan. Mənim üçün daha vacibi həmin qolun komandaya qələbə qazandırmasıdır. 

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi üzrə oyunlara çıxacaq. Fikirləriniz nədir? 

- Qarşıdan İslandiya və Ukraynaya qarşı oyunlar gəlir. Hər iki komandanın heyətində top-5 liqada oynayan futbolçular çoxdur. İslandiya son illərdə inkişaf etmiş bir milli komandadır. Ukrayna barədə danışmağa ehtiyac yoxdur, son Avropa çempionatında iştirak ediblər. Qarşıdan gələn 2 oyunda komanda şəklində maksimum döyüşüb, nə lazımdırsa onu etməyə çalışıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq.