AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu sərt cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb mayın 11-də Misli Premyer Liqasında XXXIV turunda səfərdə "Kəpəz"lə qarşılaşmada yaşanan hadisələr olub.

Oyunun 89-cu dəqiqəsində “Sumqayıt”ın futbolçuları Rəşad Əzizli və Vüqar Müstafayev təcavüzkar davranışa yol veriblər.

Birbaşa qırmızı vərəqə alan bu futbolçular 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib.

Bundan başqa, “Sumqayıt” hər oyunçuya görə 3000 manat (ümumilikdə 6000 manat) cərimə ödəməlidir.

Eyni zamanda “Kəpəz” də cəzaya məruz qalıb. Gəncə təmsilçisi 3 maddə üzrə 3200 manat cərimə ödəyəcək:

- oyun bitdikdən sonra azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat

- 6 futbolçu sarı vərəqə aldığı üçün 700 manat

- “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 1000 manat