AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turundakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" və "Sabah" arasındakı mərkəzi qarşılaşmada, eləcə də "Araz-Naxçıvan" – "Turan Tovuz" matçında azarkeşlərin meydana daxil olması klublara baha başa gəlib. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün ev sahibi klublar və "Sabah" ayrı-ayrılıqda 5000 manat cərimə olunub.
Bundan əlavə, "Sabah"ın futbolçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimə edilib.
Həmçinin "Sabah", "Turan Tovuz" və "Kəpəz"komandaları limitdən artıq sarı vərəqə aldıqları üçün hərəyə 700 manat məbləğində ziyana düşüblər. "Karvan-Yevlax" klubu isə mətbuat konfransı otağının təşkilindəki texniki qüsurlara görə 1000 manat cərimələnib.


