Braziliyada "Barselona"nın ulduzu Rafinya haqqında yayılan xəbərlərin pərdəarxası məlum olub
Offsideplus.az xəbər verir ki, Braziliya mətbuatında və sosial şəbəkələrdə "Barselona"nın və Braziliya yığmasının hücumçusu Rafinyanın ciddi maliyyə böhranı ilə üzləşdiyi barədə xəbərlər yayılıb.
Məlumata görə, bu iddiaların yaranmasına səbəb futbolçunun atası ilə bağlı ortaya çıxan gizli detallardır. İddia olunur ki, Rafinyanın atası futbolçunun xəbəri olmadan onun bütün karyera qazanclarının və transfer hüquqlarının 80%-ni öz üzərinə keçirib.
Ulduz futbolçunun bu vəziyyətdən yalnız həyat yoldaşı ilə birlikdə lüks bir malikanə almaq istəyərkən xəbər tutduğu bildirilir. Belə ki, bank hesabında düşündüyü qədər vəsaitin olmadığını görən Rafinya böyük şok yaşayıb. Braziliyanın keçmiş futbolçusu Vampeta da qatıldığı podkastların birində Rafinyanın ailəvi və maddi problemlər səbəbindən çətin günlər keçirdiyini və bu səbəbdən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan gələn transfer təklifini qəbul etməyə meylli olduğunu təsdiqləyib.



