“Barselona” klubu bu cümə günü 22 yaşlı Fermin Lopeslə müqavilənin 2031-ci ilədək uzadıldığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bununla da katalon klubu son mövsümlərdə ən çox inkişaf edən futbolçulardan birinin gələcəyini təmin edib. Fermin hazırda baş məşqçi Hansi Flik üçün əsas fiqurlardan biri sayılır və transfer bazarında ciddi maraq obyektidir.

Xatırladaq ki, ötən yay “Çelsi”“Bayern Münhen” futbolçunu heyətinə qatmaq istəsə də, akademiya yetirməsi karyerasını doğma klubunda davam etdirməyi seçmişdi. Həmin vaxtdan etibarən klubun idman direktoru Deko və futbolçunun agentləri yeni müqavilə ilə bağlı danışıqlara başlamışdılar.

Məlumata görə, “Barselona” Fermin Lopesə mövcud maaşından demək olar ki, iki dəfə yüksək yeni əməkhaqqı təklif edib. Bundan əlavə, müqaviləyə müxtəlif bonus və hədəflər də daxil edilib. Əvvəl 2029-cu ildə başa çatmalı olan müqavilə iki il uzadılaraq 2031-ə qədər qüvvədə olacaq.

Klub hesab edir ki, Uelvadakı El Kampilyo qəsəbəsindən olan futbolçunun komandadakı rolu xeyli artıb və əvvəlki maaşı artıq real vəziyyəti əks etdirmirdi. Yeni müqavilə həm də Fermin Lopesin kluba sadiqliyinin mükafatı kimi dəyərləndirilir.

Rəsmi açıqlamada “Barselona” bu uzadılmanı “13 yaşında kluba qoşulan və La Masiyada yetişərək zəhmət, istedad və əzmkarlıq sayəsində əsas komandanın aparıcı oyunçularından birinə çevrilən futbolçuya strateji investisiya” kimi təqdim edib.

Razılaşma ötən bazar ertəsi əldə olunub. Futbolçu əvvəlcə “Oviedo” ilə oyundan sonra ailəsi və agenti Xavi Ximenezlə məsləhətləşib, bu həftənin əvvəlində isə yekun razılıq verilib. Müqavilənin 500 milyon avro məbləğində sərbəstqalma maddəsi isə dəyişməz qalıb.

Cari mövsümdə Fermin Lopes hücum xəttində həlledici rol oynayır. O, Lamin YamalOlise (“Bayern Münhen”) ilə birlikdə Avropanın top liqalarında ikiqat statistika (qol+assist) göstərən azsaylı futbolçulardandır. Yarımmüdafiəçi mövsüm ərzində 10 qol və 11 assistə imza atıb. Son assistini isə çərşənbə günü “Kopenhagen”lə oyunda (2:1) Lamin Yamalın qolunda edib.

Yeni müqavilənin imzalanma mərasimi yaxın günlərdə klub prezidenti Xuan Laportanın ofisində keçiriləcək. Daha sonra futbolçu mətbuat nümayəndələrinin qarşısına çıxacaq.