FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya - Almaniya oyununun baş hakimi olacaq.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç mayın 22-də Albaniyanın Elbasan şəhərində baş tutacaq.
Həmvətənimizə finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər.
Dördüncü hakim funksiyasını digər xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.
Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, UEFA görüşü azərbaycanlı ədalət təmsilçisinə tapşırıb.



