"Mançester Yunayted" baş məşqçi Maykl Karriki vəzifəsindən azad edə bilər. 45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda ardıcıl 8 oyunda qələbə qazana bilməyib – 5 məğlubiyyət və 3 heç-heçə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqada son olaraq "Bornmut"a 0:3 hesabı ilə uduzan "Mançester Yunayted" turnir cədvəlində 16-cı pilləyə geriləyib. Klub rəhbərliyi bu gün təcili iclas keçirəcək və Karrikin gələcəyi müzakirə olunacaq. Hazırda onun istefası gündəmdədir. Bazar günü axşamına olan məlumata görə, baş məşqçinin taleyi ilə bağlı yekun qərar verilməyib.

İcraçı direktor Omar Berrada və idman direktoru Ceyson Uilkoks daxil olmaqla klubun rəhbər şəxsləri bu gün bir araya gələcək. "Mançester Yunayted"də üçüncü baş məşqçinin təyin olunması ehtimalı istisna edilmir. Klub rəhbərliyi isə tələsik qərar vermək istəmir və bütün variantları diqqətlə nəzərdən keçirməyi planlaşdırır.

Karrikə əvəzləyici kimi əsas namizədlər arasında Eddi Hau və Yulian Naqelsmann göstərilir. Bundan başqa, "Aston Villa"nın baş məşqçisi Unai Emeri və "Brayton"un çalışdırıcısı Fabian Hyurçeler də nəzərdən keçirilir, lakin onların transferi həm maliyyə, həm də təşkilati baxımdan çətin ola bilər. Mətbuatda həmçinin Antonio Konte və Kiran Makkennanın adları da hallanır.