Braziliya futbolunun ulduzu Neymarın büstü və heykəli "Santos" klubunun muzeyində sərgilənməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, klub həmçinin onun imzalı formasını da muzeydə nümayiş etdirir. 34 yaşlı hücumçu məhz "Santos"un yetirməsidir və burada peşəkar karyerasına başlayıb.

Neymar 2009-2013 və 2025-ci ildən bu günə kimi "Santos"un heyətində çıxış edib. O, klubla 2011-ci ildə Libertadores Kubokunu qazanıb.

Braziliyalı ulduz futbolçu bu münasibətlə paylaşımında bunları bildirib:

"Bu gün məni təəccübləndirdilər... Sevimli klubumdan belə bir şərəfə layiq görülmək inanılmazdır. "Santos"un tarixinin bir hissəsi olmaq böyük şərəfdir! İlk növbədə Allaha, ailəmə və akademiyadan bəri məni dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Birlikdə çox həyəcanlı və unudulmaz anlar yaşadıq... Amma çətin günlər də oldu, siz həmişə yanımda oldunuz. Mən meydanda olan, mübarizə aparan və hər an komanda üçün əlindən gələni edən bir azarkeşəm. Dəfələrlə səhv etmişəm və yəqin ki, yenə də edəcəyəm (ümid edirəm, olmaz), amma "Peixao" üçün həmişə yalnız ən yaxşısını arzulayıram! Hər şeyə görə təşəkkür edirəm".