Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo karyerası ilə bağlı hər kəsi təəccübləndirən planlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz hələ də böyük turnirlərdə çıxış etmək motivasiyasını itirmədiyini nümayiş etdirib.
Ronaldo 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirak ehtimalını tam istisna etməyib. Təcrübəli hücumçu fiziki vəziyyəti imkan verəcəyi təqdirdə yaşıl meydanlarda qalmağa davam edəcəyini bildirib:
"2030-cu il Dünya Kubokunda oynamaq ehtimalını tamamilə istisna etməmişəm. Əgər 41 yaşımda hələ də hər həftə qol vurmağa davam edirəmsə, bəlkə daha 4 il də oynaya bilərəm."
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən və Portuqaliya milli komandasının kapitanı olan Ronaldo bu açıqlaması ilə futbol tarixinin ən uzunömürlü karyeralarından birinə imza ata biləcəyinə işarə vurub. Əgər bu baş verərsə, o, 45 yaşında dünya çempionatında mübarizə aparan nadir futbolçulardan biri olacaq.
Qeyd edək ki, 2030-cu il Dünya Kuboku Portuqaliya, İspaniya və Mərakeşin ev sahibliyi ilə təşkil olunacaq ki, bu da Ronaldonun öz vətənində keçiriləcək turnirdə vida çıxışı etməsi üçün böyük fürsət hesab olunur.


