Azərbaycanın ən titullu futbol klubu "Qarabağ" UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə ikinci təsnifat mərhələsindən başayacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam klubu İrlandiyanın "Şelburn" komandası ilə qarşılaşacaq.

Rəqib haqqında daha ətraflı məlumat toplamışıq.

1895-ci ildə yaradılan "Şelburn" İrlandiyanın ən güclü klublarından biridir. Bu komanda 14 dəfə İrlandiya çempionu olsa da, avrokuboklarda ciddi uğur qazana bilməyib. Heç vaxt qitəmiqyaslı yarışların qrup mərhələsinə yüksələ bilməyən Dublin təmsilçisinin avrokuboklarda ən böyük uğuru 2004/2005 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparmasıdır.

Komandanın heyətini də "Qarabağ"la müqayisə etməyə dəyməz. Əsasən irland, şotland və ingilis futbolçulardan təşkil olunmuş "Şelburn"un ümumi dəyəri məşhur tranfermarkt saytında cəmi 3 milyon avro qiymətləndirilir. Bu, 24 milyon avro olan "Qarabağ"ın heyətindən 8 dəfə ucuzdur. 

"Şelburn" ev oyunlarını Dublində 5700 yerlik "Tolka Park"da keçirir. Komandaya bu ilin fevralında, yəni mövsümün startından öncə yeni baş məşqçi təyin olunub: 39 yaşlı Cey O'Brayn. İrlandiyalı məşqçi yaxın keçmişdə "Vest Hem Yunayted"də forma geyinib.

Yeri gəlmişkən,10 klubun yarışdığı İrlandiya Premyer Divizionu yaz-payız sistemi üzrə keçirilir və 36 turdan ibarətdir. Son çempion "Şelburn" hazırda 25 turdan sonra 5-ci pillədə qərarlaşıb.

"Şelburn" Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali İrlandiyanın "Linfild" komandasına iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə qalib gəlib.

Ümumiyyətlə, "Qarabağ"ın İrlandiya klubları ilə ilk və hələlik yeganə sınağı 2019-cu ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dandolk"a qarşı olub - 3:0; 1:1.

Beləliklə, "Qarabağ" tarixində 22-ci dəfə avrokuboklara İrlandiyada start verəcək. "Şelburn"la ilk görüş iyulun 23-də Dublində, cavab matçı isə iyulun 30-da Bakıda olacaq.