“Hazırlığım yaxşı keçmişdi”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Rəsul Rəhimov deyib.
“Core Fighting Championship" turnirində növbəti qələbəsini qazanan idmançı döyüşlə bağlı fikirlərini bölüşüb: “Üç ay müddətində ciddi rejimdə çalışdım, nə lazımdırsa etmişdim. Özümü döyüş gününə tam hazır hiss edirdim. Döyüşdən əvvəl də demişdim ki, nokaut etmək istəyirəm. Səkkizinci saniyədə dediyimi etdim”.
Rəhimov nokautdan sonra verdiyi reaksiyanı belə şərh edib:
“Bu, sadəcə emosiyalarla bağlı idi. Adrenalin yüksək olur, hər kəs özünə görə reaksiyalar verir. Rəqiblə aramızda problem olmadi, döyüşdən sora yaxınlaşıb halallaşdım”.
İdmançı növbəti hədəflərindən də danışıb: “İndi əsas məqsədim daha güclü versiyamı yaratmaqdır. Qısa vaxtda yenidən məşqlərə qayıdıb növbəti döyüşlər üçün hazırlaşmağı düşünürəm.
UFC hər döyüşçünün arzusudur. Mən də vaxtı gələndə orada özümü göstərmək istəyirəm. Amma tələsmirəm. Addım-addım irəliləyirəm və hər şeyin öz zamanı var”.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov dünən İstanbulda baş tutan döyüş gecəsində Türkmənistandan olan rəqibi Guvenc Dadaevi məğlub edib.



