Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadın yığmaları Avropa kubokunun seçmə mərhələsində növbəti oyunlarına çıxıblar.

Offsideplus.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirdə hər iki komandamız bu gün yarımfinal turnirində qüvvəsini sınayıb.

Qadınlardan ibarət milli komandamız finala gedən yolda turnirin ev sahibi Kosovonu məğlub edib. Finalda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gələn komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.

Kişi basketbolçularımız isə yarımfinalda Kipr seçməsi ilə üz-üzə gəlib və 10:21 hesabı ilə uduzub.

Komandalarımızın yarımfinala qədərki yolu isə belədir:

Kişi millisi: Qrup mərhələsində gərgin mübarizə şəraitində keçən oyunlarda "Malta" (18:16) və "San-Marino" (21:20) yığmalarını üstələyib, "Albaniya"ya isə minimal fərqlə uduzub (20:21).

Qadın millisi: Qrupda inamlı təsir bağışlayan komandamız hər iki rəqibini — "Kipr"i (16:10) və "Malta"nı (15:14) məğlub edərək yarımfinala yüksəlib.