Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində “Zirə” və “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Oyunla bağlı İliç belə danışıb:
"İlk növbədə “Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Kubok oyunları hər zaman çətin keçir. İlk hissədə pis təsir bağışlamadıq, lakin fasilədən sonra yol verdiyimiz səhvlər qapımızda qollarla nəticələndi. İkinci hissədə vəziyyəti dəyişməyə çalışsaq da, Nikola Ninkoviçin aldığı qırmızı vərəqə bütün planlarımızı pozdu".
Komandadakı eniş dövrü və avrokubok şansları ilə bağlı jurnalistlərin suallarını belə cavablandırıb:
"Mövsümə çox yaxşı başlamışdıq, lakin müəyyən müddətdən sonra eniş yaşamağımız bir reallıqdır. Qarşıda hələ oyunlarımız var və əlimizdən gələni edəcəyik. Lakin turnir cədvəlindəki vəziyyəti və xal fərqini nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq hazırda çox çətin görünür".
Nikola Ninkoviçin qırmızı vərəqə almasından və komandadakı ümumi atmosferdən də danışan baş məşqçi əlavə edib:
"Nikola Ninkoviçdən gözləntilərimiz həqiqətən böyükdür. O, qırmızı vərəqə alaraq bizi çətin vəziyyətdə qoydu. Bəlkə də psixoloji sıxıntıları var, dəqiq deyə bilmərəm, amma fakt budur ki, o, hələ ki ümidlərimizi doğrultmur. Bununla yanaşı, komandada ciddi intizam problemi olduğunu düşünmürəm. Futbolçular sadəcə verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışırlar".



