"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröynenin transferi uğrunda mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi yay transfer pəncərəsində belçikalı futbolçunu heyətinə qatmaq məqsədilə onunla əlaqə saxlayıb. Lakin futbolçunun "Napoli"yə keçidi daha real görünür.

Mənbənin məlumatına görə, De Bröyne ilə Neapol klubu arasında illik 10 milyon avro maaşla müqavilə barədə artıq razılıq əldə olunub. Daha əvvəl bildirilib ki, futbolçuya İngiltərə Premyer Liqasından bir neçə klub və Madridin "Real" klubu da maraq göstərir.

Kevin De Bröynenin "Mançester Siti" ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır. O, "şəhərlilər"in heyətində 2015-ci ilin avqust ayından çıxış edir.