"Çelsi" düşərgəsində sular isinir. Komandanın son vaxtlar nümayiş etdirdiyi zəif performans fonunda bəzi futbolçuların Entso Fernandesin liderlik keyfiyyətlərindən narazı olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, meydandakı davranışlar narazılıq yaradır.
Premyer Liqada ilk beşliyə daxil olmaq üçün birliyin vacib olduğu bir vaxtda, Fernandesin meydandakı hərəkətləri komanda yoldaşlarını qəzəbləndirib. Xüsusilə, ardıcıl dörd məğlubiyyət zamanı onun meydanda açıq şəkildə digər oyunçuları tənqid etməsi kollektiv daxilində gərginliyi artırıb.
Məlumata görə, argentinalı yarımmüdafiəçi son oyunlarda alınan uğursuz nəticələrdən sonra paltardəyişmə otağında da kəskin çıxışları ilə seçilib. Xüsusilə PSJ, "Nyukasl" və "Everton" məğlubiyyətlərindən sonra onun sərt iradları futbolçular arasında narazılığı pik həddə çatdırıb.
Xatırladaq ki, Ris Ceymsin omba nahiyəsindən aldığı zədə səbəbindən sıradan çıxması ilə son iki matçda kapitanlıq sarğısını məhz Entso Fernandes daşıyıb. Lakin görünən odur ki, onun bu roldakı davranışı komanda yoldaşları tərəfindən birmənalı qarşılanmır.


