“Qarabağ”ın əsas üstünlüyü doğma azarkeşlər önündə oynamasıdır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında "köhlən atlar"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Azərbaycan millisinin 37 yaşlı keçmiş yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Şanslar yenə də bərabərdir. Hamı “Qarabağ”a hörmətlə yanaşır və müəyyən üstünlüyü məhz bizim tərəfdə görür. “Ayntraxt” hazırda böhran dövrünü yaşayır, lakin nəzərə almaq lazımdır ki, bu, alman komandasıdır və belə rəqiblərlə oyunlar hər zaman çətin olur. Görüşün doğma azarkeşlər önündə keçirilməsi “Qarabağ” üçün vacib amildir. Düşünürəm ki, komandamız ən yaxşı oyunlarından birini göstərməyə çalışacaq”.
İsmayılov rəqibin zəif olmadığını vurğulayıb: “Ayntraxt” çempionatdan gəldiyi üçün hazır vəziyyətdə meydana çıxacaq. “Qarabağ” isə bu müddətdə yalnız təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirib. Düzdür, rəqib komandada məşqçi dəyişikliyi olub və bəziləri bunu problem kimi dəyərləndirir. Lakin təcrübə göstərir ki, məşqçi dəyişəndə futbolçular adətən daha istəkli olur, özlərini yeni çalışdırıcıya sübut etməyə çalışırlar. Bu qarşılaşmada qazanılacaq xallar bizim üçün son dərəcə önəmlidir və inanıram ki, üç xalı aktivimizə yaza biləcəyik”.
Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


