“Düşünürəm ki, “Sabah” növbəti mərhələyə adlaya bilər”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Çelye" "duel"indən danışıb.
O, bu cütlükdə təmsilçimizin şanslarını dəyərləndirib: “Bütün klublarımıza Avropa liqalarında uğurlar arzulayıram. “Qarabağ”ı çıxmaq şərtilə digər klublarımıza çətin rəqiblər düşüb. “Çelye” bir o qədər də tanınmış klub olmasa da, son illərdə göstərdiyi nəticələr rəqibin ciddiliyindən xəbər verir. Konfrans Liqasında 1/4 finala çıxması buna sübutdur. Bu baxımdan rəqibin oyununu görmədən nəsə demək çətindir. Yalnız birinci matçdan sonra dəqiq fikir bildirmək olar”.
Əsədovun sözlərinə görə, “Sabah” “Çelye” ilə qarşılaşmaya yüksək motivasiya ilə çıxacaq: “Sabah” ötən il Azərbaycan Kubokunun sahibi olub. Fikrimcə ki, bu qələbə komandada ruh yüksəkliyi yaradıb. Üstəlik, yeni baş məşqçi gəlib. Bu, motivasiyanı artıran faktordur. Adətən, yeni baş məşqçi gələndə futbolçular özlərini təsdiq etmək üçün daha çox səy göstərirlər. Həmçinin komandaya yeni oyunçular cəlb edilib. Son keçirdikləri yoxlama matçlarını görə bilməsəm də, statistik nəticələri izləmişəm. Buna görə də, yeni baş məşqçinin hansı oyun üslubuna üstünlük verməsini bilmirik.
“Sabah” ilk matçını evdə keçirəcək. Bu qarşılaşmada yaxşı performans göstərməlidir ki, səfərdə daha rahat olsun”.
Qeyd edək ki, "Sabah"la "Çelye" arasındakı ilk qarşılama iyulun 10-da saat 20:00-da Bakıda, cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.



