Messi 2026 Dünya Çempionatında oynayıb-oynamayacağına aydınlıq gətirdi.

Offsideplus.az xəbər verir ki, Argentina gələn il Şimali Amerikada keçiriləcək Dünya Çempionatında titulunu qorumağa çalışacaq. Qətərdə Lionel Messi kapitan kimi komandanın qələbəsində həlledici rol oynamışdı. Lakin 2026 Dünya Çempionatına gəlincə, "İnter Mayami"nin ulduzu hələ də dəqiq qərar vermədiyini bildirib.

Gələn il 39 yaşı tamam olacaq Messi ESPN-ə açıqlamasında deyib:
“Düzünü desəm, bununla bağlı danışmışıq. Skaloni məni çox yaxşı anlayır, bu məsələni dəfələrlə müzakirə etmişik.”

O əlavə edib:
“Skaloni həmişə deyir ki, mənim orada istənilən rolda olmağımı istəyərdi. Aramızda böyük etimad var və hər şeyi açıq danışa bilirik.”

Messi mümkün iştirak barədə:
“Ümid edirəm ki, orada ola bilərəm. Daha əvvəl də demişəm — orada olmağı çox istəyirəm. Ən pis halda belə, canlı izləmək üçün stadionda olacağam. Dünya Çempionatı hamı üçün özəldir, xüsusilə də bizim üçün, çünki biz onu tamamilə fərqli şəkildə yaşayırıq.”

Argentina yığmasının titul müdafiəsi barədə isə o belə danışıb:
“Bəli, düşünürəm ki, əla komandamız var və yenidən cəhd edəcəyik. Yenə də xırda detallar sizi yarışdan kənarlaşdıra bilər.”

Messi əlavə edib ki, Dünya Çempionatında hər komanda çətinlik yarada bilər:
“Dirəyə dəyən top da səni turnirdən çıxara bilər, penaltilərdə də uduza bilərsən. Biz Niderland və Fransaya qarşı oyunda daha yaxşı idik, amma yenə penaltilərə qaldı. Şanslı idik ki, ‘Dibu’ (Emiliano Martinez) bizi qələbəyə daşıdı.”

Sonda Messi bildirib:
“Dünya Çempionatını qazanmaq çox çətindir. Tamaşaçı, oyunçu, azarkeş — hər kəs üçün fərqli hissdir. Ancaq bu komandaya baxanda əminəm ki, onlar yenə mübarizə aparacaqlar.”