"Azərbaycan futbolu adına çox sevinirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Bakıda "Ayntraxt"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu haqqında fikirlərini bölüşüb: “Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda yanımızda oldular. Onların duaları bizə böyük zəfər nəsib etdi. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Bəzi oyunlarda olmayan intizamı bu gün gördük. Sona qədər intizamı pozmamaq, qələbəyə inandılar.
Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan çox razıyam. Sadəcə bir oyun da əlavə oynasaydıq, komanda daha yaxşı formada olardı. Vaxtımız az oldu. Amma bizim özümüzün üstün cəhəti nədirsə, maksimum onu yaxşılaşdırmaq üçün əlimizdən gələni etdik. Rəqibə görə bir neçə xırda detallar əlavə etmişdik. Komandam yaxşı hazırlıq keçmişdi. Qələbə çox gözəl idi.
Qurbanov hakim ədalətsizliyi ilə bağlı sualı belə cavablandırıb: “Fikrimcə, əlavə şərhə ehtiyac yoxdur. Mən də o epizodda sizin kimi əsəbiləşdim, ancaq özümü tez ələ ala bildim. Futbolda belə hallar olur. Çox geniş və çox ətraflı və çox düzgün cavabı elə cənab prezident bildirib. Ona bir daha təşəkkür edirəm”.
Mütəxəssis Bəhlul Mustafazədənin oyun ərzində buraxdığı səhvlərə dair sualı isə belə şərh edib:
“Futbol xəta oyunudur. Əfsuslar olsun ki, ən çox xətaları müdafiəçilər edir. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub (gülür). Hamının başına belə hallar gəlir. “Ayntraxt”a qoluna görə, bu günə qədər olan xətalarını bağışlamaq olar”.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.


