"Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç komandanın Litvadakı təlim-məşq toplanışı və yeni mövsümə hazırlıq prosesi barədə klubun mətbuat xidmətinə geniş müsahibə verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Litvaya öncədən gəlməkdə əsas məqsədin avrokuboklarda mübarizə aparan güclü rəqiblərlə qarşılaşmaq və səmərəli toplanış keçirmək olduğunu bildirib. O, FIBA Çempionlar Liqasındakı hər matçın səhvlərdən nəticə çıxarmaq üçün bir dərs olduğunu vurğulayıb.

Spasiç komandada yeni sistemin və özünəməxsus oyun üslubunun formalaşdırıldığını qeyd edib. Məşqçi korpusunun və heyətin demək olar ki, tamamilə yeniləndiyini xatırladan baş məşqçi, uyğunlaşma prosesində eniş-yoxuşların normal qarşılanmalı olduğunu, lakin bütün kollektivin eyni məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

FIBA Çempionlar Liqasındakı püşkü dəyərləndirən serbiyalı mütəxəssis asan qrupun olmadığını və turnirə fiziki-taktiki baxımdan maksimum hazır gəlməyin vacibliyini deyib. O, uzaq gələcəyə deyil, günbəgün inkişaf etməyə fokuslandıqlarını və həm daxili çempionatda, həm də Avropa səhnəsində Sabahın tam potensialını göstərəcəklərinə inandığını bildirib.