Bu gün Formula 1 üzrə Kanada Qran-prisi baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışa poulla başlayan "Mersedes" pilotu Corc Rassel finiş xəttini də birinci olaraq başa vurub. Britaniyalı pilotun komanda yoldaşı Kimi Antonelli üçüncü olub və karyerasında ilk podiumuna çıxıb. "Red Bull"dan Maks Ferstappen isə 2-ci yeri tutaraq, 18 xalı aktivinə yazdırıb.
Bu yarış "Maklaren" üçün uğursuz olub. 66-cı dövrədə Lando Norris komanda yoldaşı Oskar Piastri ilə mübarizədə qəzaya uğrayıb və yarışı xalsız başa vurub. Turnir cədvəlinə liderlik edən avstraliyalı pilot dördüncü yer ilə kifayətlənib.
"Ferrari"dən Şarl Lekler 5-ci, Lüis Hemilton isə 6-cı olub. 7-10-cu yerlərdə isə 4 fərqli komanda qərarlaşıb. Kanada Qran-prisini "Aston Martin"dən Fernando Alonso 7-ci, "Sauber" pilotu Niko Hülkenberq 8-ci, "Haas"dan Esteban Okon 9-cu, " Vilyams"dan Karlos Sainz isə 10-cu pillədə bitirib.
Hazırda pilotların çempionluq cədvəlində O.Piastri 198 xalla birinci, L.Norris 176 xalla ikincidir. 155 xal toplayan M.Ferstappen üçüncü yerdə qərarlaşaraq çempionluq uğrunda mübarizəsini davam etdirir.