"Oyunöncəsi mətbuat konfransında bu qədər insanı görmək çox xoşdur".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas deyib. 

Litvalı mütəxəssis iyulun 10-da Bakıda Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb: "Böyük həyəcanla, səbrlə bu oyunu gözləyirik. Rəqibin ötən mövsümkü nəticələrindən xəbərimiz var. Əlbəttə, "Çelye"nun UEFA Konfrans Liqasında 1/4 finala qədər irəlilədiyini bilirik. Bu cür komandalara qarşı oynayaraq inkişafa edə bilərik. Azarkeşləri bu oyuna dəvət edirəm. Əlimizdən gələni edəcəyik ki, ilk görüşdə yaxşı nəticə qazanaq". 

O, komandasının "Çelye"yə qarşı hücum futbolu oynayacağını bildirib: "Mən “Sabah”da potensial görürəm. Çalışıram ki, komandam hücum oyunu oynasın. Mən belə bir məşqçiyəm. Çalışıram ki, komandam ilk qolu vurduqdan sonra növbəti qolları vurmağa çalışsın. Belə oyunlarda xırda detallar çox şeyi həll edir. Bəli, biz rəqibi analiz edirik. Ancaq hər şeyi tam bilmirik. Çünki "Çelye" ötən illə müqayisədə 5-6 oyunçusunu itirib və cəmi 1 yoxlama matçı keçirib. Mən 2 həftəlik Avstriya təlim-məşq toplanışında və Bakıdakı məşqlərdə gördüm ki, oyunçularım necə istəklidir. Əgər belə davam etsələr, hər şey yaxşı olacaq. Yoxlama oyunlarında daha çox fərqlənə bilərdik. Stadiona gələn azarkeşlər də bizdən daha çox qollar gözləsinlər".

V.Dambrauskas "Sabah"a təyinatı barədə də söz açıb: "Adətən belə məqamlarda tez qərar verirsən. Mənim başqa klub ilə müqaviləm var idi. Lakin "Sabah"ın iddialı klub olmağı mənim qərar verməyimi asanlaşdırdı. Bilirəm ki, "Sabah" 8 il öncə yaranıb. Komandanın iddialı olması məni bura gətirdi. Əlbəttə, "Sabah" basketbol klubunun baş məşqçisi, həmyerlim Rimas Kurtinaytisi tanıyıram. O əsl əfsanədir. Litvada basketbol tamamilə fərqlidir. Ancaq onunla bura gəlmək barədə danışmamışam. "Sabah" rəhbərliyi ilə danışıqlar məni bura gəlməyə inandırdı".