Misli Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “İmişli” qarşılaşmasından (2:3) sonra “ağ-qaralar”ın köməkçi məşqçisi Mübariz Orucov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis komandanın hazırkı durumu ilə bağlı bunları deyib:

Orucov nəticələrin qənaətbəxş olmadığını vurğulayaraq bildirib ki, oyun baxımından keçən mövsümlə müqayisədə irəliləyiş olsa da, bu, hələlik nəticələrə yansımır:
“Çox xallar itirmişik. Bu gün də üzücü məğlubiyyət oldu. Yeni gələn futbolçularımız çoxdur və heyət hələ tam oturuşmayıb. Keçən mövsümlə müqayisədə ciddi dəyişikliklər var, uyğunlaşma prosesi davam edir.”

Rəqib “İmişli”nin oyunu barədə danışan Orucov komandanın motivasiya ilə çıxış etdiyini qeyd edib:
“İmişli” bu gün yaxşı futbol oynadı, istəkləri çox idi və buna görə qalib gəldilər.”

Mütəxəssis buraxılan qolların standart vəziyyətlərdən gəldiyinə də toxunub:
“Rəqibin aut atışlarında təhlükəli olduğunu futbolçulara demişdik. Elə qorxduğumuz məqamdan da qollar buraxdıq.”

Turnir cədvəlində “Neftçi”nin “İmişli”nin də gerisinə düşməsi ilə bağlı suala isə o belə cavab verib:
“Həm çempionata, həm də kuboka köklənmişik. Liqada işlər istədiyimiz kimi getmir, kubok isə daha qısa yoldur və ona da ciddi yanaşacağıq. Qarşıda matçlar var.”

Sonda Orucov komandanın hədəfini də açıqlayıb:
“Neftçi”nin hədəfi hər zaman çempionluqdur. Minimum olaraq avrokuboklara vəsiqə qazanmağı planlaşdırırıq və buna inanırıq.”