“Futbolçular bu gün oyuna yaxşı hazırlaşmışdılar. Demək olar, ciddi səhvə yol vermədilər və qələbəni haqq etdilər”.
Bu fikirləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 6-cı turunda “Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında səsləndirib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
-
İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
-
O, xəstə idi və məşqlərdə iştirak etməmişdi. Funksional hazırlığından razıyıq, sadəcə məşqi buraxdığına görə bir az geridə qaldı.
-
Komandanız liderliyə yüksəldi. İndiki vəziyyətdə futbolçuların çıxışını necə qiymətləndirirsiniz?
-
Digər komandalar kimi bizdə də həll olunmalı məsələlər var. Amma biz də rəqabətdə sona qədər mübarizə aparacağıq. Hələ vaxtımız çoxdur, çalışmalarımızı davam etdirəcəyik.
-
Bu gün Faiq Hacıyev sağ cinahda çıxış etdi, Xorxe Silva da yaxşı performans göstərdi. Qarşıdakı turlarda Faiqi ehtiyat oyunçular arasında görə bilərikmi?
-
Bizdə əsas prinsip odur ki, kim güclüdürsə, o da oynayacaq. Şükürlər olsun, komandada seçim imkanı genişdir. Kim daha hazır olacaqsa, meydana çıxacaq.



