"Şamaxı" klubu Misli Premyer Liqasının XXIV turunda "Sumqayıt" üzərində qazandığı qələbə (1:0) ilə iki rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, müxtəlif dövrlərdə "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları ilə çıxış etmiş komanda elitada 300-cü, bütün turnirlər daxil olmaqla isə tarixində 400-cü qələbəsini rəsmiləşdirib.
Azərbaycan çempionatları tarixində 300 qələbə həddinə çatan cəmi 3-cü klub olan "Şamaxı" bu göstəricidə yalnız Qarabag və "Neftçi"dən geri qalır. Komanda yüksək dəstədə keçirdiyi 717 oyundan 175-ni evdə, 125-ni isə səfərdə qazanıb.
Ümumi statistikaya gəlincə, bölgə təmsilçisi ölkə kubokunda 60, avrokuboklarda 16, I Liqada 16 və "Birlik Kuboku"nda 8 dəfə qalib gələrək ümumi qələbə sayını 400-ə çatdırıb.
Qeyd edək ki, klub tarixdəki ilk qələbəsini 1999-cu ilin noyabrında Sumqayıtın "Xəzər" komandası üzərində qazanıb.


