Azərbaycanın futbol klubları avrokuboklarda 500-cü qolu vurublar.

Offsideplus.az xəbər verir ki, yubiley qolu dünən Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” - “Çelye” matçına (2:3) təsadüf edib.

Bu oyuna qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 oyunda 499 dəfə fərqlənmişdilər. "Çelye" ilə görüşün 3-cü dəqiqəsində hesabı açan Pavol Safranko 500-cü qolun müəllifi olub.

Maraqlıdır ki, bu, eyni zamanda qitənin bütün klubları üçün Avropa Liqasının 2025/2026 mövsümündə ilk qol kimi yadda qalıb. Çünki UEFA yeni mövsümün birinci qarşılaşmasını məhz Bakıya salıb.

Xatırladaq ki, klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb. 

Təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.