“Maraqlı oyun oldu”

Offsideplus.az xəbər verir ki, bu sözləri “ Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XI turunda baş tutan "Qarabağ" və "Neftçi" matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Futbolçularıma da minnətdaram. Vacib bir qalibiyyət əldə olundu. Futbolçular dinamik oyun nümayiş etdirdi.

Ümumilikdə, bugünki oyun məni qane etdi. Yaxşı mübarizə, yaxşı sürət vardı. Müdafiəçilərimiz rəqibə qarşı boş durmadılar. Azarkeşlər, hava şəraiti də daxil olmaqla bu gün hər şeydən razı qaldım. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar".

Qurbanov rəqiblə bağlı da fikirlərini bölüşüb: "Neftçi"də son matçlarda çox irəliləyiş görürük. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar".

Qeyd edək ki, Ağdam təmsilçisi "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.