Misli Premyer Liqasının XXXV turu üzrə "Şamaxı" - "Araz-Naxçıvan" oyunu 0:1 hesabı ilə yekunlaşıb. 

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunu şərh edib, komandasının Konfrans Liqasında iştirak hüququ əldə etməsinə münasibət bildirib:

"Ağır oyun alındı. Ümumi götürdükdə, komanda mövsüm ərzində istədiyim oyunu və nəticəni bizə verdi. Təmsil etdiyimiz Naxçıvan adına sevindirici nəticədir. Rəhbərliyi təbrik edirəm, bizə inandı, şans verdi. Konfrans Liqasında iştirak edəcəyik. İndidən nəsə deyə bilmərəm. Çünki rəhbərliklə görüşməli, bunları müzakirə etməliyik. İçi mən qarışıq demək olar, hamının müqaviləsi başa çatıb. Buna aydınlıq gətirəcəyik. Naxçıvanda oynamağı biz də istəyirik. Qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq bu, məndən asılı məsələ deyil".