"Real Madrid" klubunun prezidentliyinə namizəd Enrike Rikelme klubun rəsmi telekanalının fəaliyyətini sərt tənqid edib.
Offsideplus.az xarici KİV-ə istinadən namizədin klub televiziyası ilə bağlı fikirlərini təqdim edir:
"Real" TV-nin təxminən 40-45 milyon avro büdcəsi var, lakin auditoriya payı cəmi 0,1 faiz ətrafındadır. Hətta filmlər nümayiş olunanda bu rəqəm maksimum 0,2 faizə qalxır. Klub televiziyamız maliyyə göstəricilərini mütləq yaxşılaşdırmalıdır. Onların əlində böyük potensial var - öz akademiyamız, əsas komandamız, ulduz futbolçularımız. Çox keyfiyyətli kontentlər hazırlamaq, həm klub üzvlərini, həm də "Real Madrid" azarkeşlərini məlumatlandırmaq mümkündür.
Bu kanal hansısa qapalı bir təriqətə bənzəməməli, əksinə, bütün "madridistlər"i özünə cəlb etməlidir. İlk növbədə fanatları məlumatlandırmalı və əyləndirməli, eyni zamanda dünyanın dörd bir yanındakı "Real Madrid" tərəfdarları üçün bir maqnit rolunu oynamalıdır. Ən əsası isə telekanal gəlirli olmalıdır, 40-45 milyon avro büdcəni sadəcə xərcləməklə kifayətlənməməlidir".


