Azərbaycan Güləş Federasiyası (AGF) 23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıya media tur təşkil edib.
Offsideplus.az xəbər verir ki, maarifləndirmə xarakterli səfərin əsas məqsədi jurnalistlərin bu idman növü üzrə biliklərini artırmaq və güləşin təbliğinə töhfə vermək olub.
Tədbirdə AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev media nümayəndələrinə güləşin tarixi, qaydaları, xalların qiymətləndirilməsi və hakimlikdəki son yeniliklər barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Səfər çərçivəsində həmçinin I kateqoriyalı hakim Əli Babayevin müəllifi olduğu “Beynəlxalq Güləş Qaydaları” kitabının təqdimatı keçirilib. Kitabın gələcəkdə məşqçilərə paylanılması nəzərdə tutulur.
Seminarın ardınca jurnalistlər arasında mövzuya dair müsabiqələr təşkil olunub və qaliblər mükafatlandırılıb.
Sonda media nümayəndələri Şamaxıdakı güləş zalına baş çəkərək yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyiblər.





